Almaniya Səfirliyi Lənkəranda keçirilən Avropa günü tədbirində

Almaniya Səfirliyi Lənkəranda keçirilən builki Avropa günü tədbirində yüksək səviyyədə təmsil olundu.  

Almaniya stendində Almaniyada təhsil və beynəlxalq parlament təqaüdü proqramı ilə əlaqədar məlumatlar paylanıldı. Maraq göstərənlər olduqca çox idi! Tədbirin sonunda Heydər Əliyev parkında açıq hava konserti baş tutdu.

50-dən çox tələbə Bosch proqramı üzrə müəllimə Marayka Rump tərəfindən keçirilən alman dili dərsində böyük həvəslə iştirak etdi və onlar 45 dəqiqədən sonra alman dilində qısa söhbət apara bilirdilər!

Proqrama əsasən Avropa Birliyi ölkələrinin səfirlərinin şəhərin icra hakimiyyətinin başçısı ilə görüşü və gənclərlə „Roma müqavilələrinin 60 illiyi“ mövzusunda müzakirələr keçirildi. Səfir Mixael Kindsqrab öz qısa təqdimatında iştirakçılara Avropa Birliyinin üstün cəhətləri (xüsusilə gənclər üçün) haqqında danışdı.

Lənkərana qonaqpərvərliyə və Avropa Birliyi nümayəndəliyinə isə gözəl təşkilatçılığa görə təşəkkür edirik!